Bu gün Tatarıstanda "Kazan şəhidlərini Anma Günü" qeyd olunur - AZADLIĞA ÇAĞIRIŞ

10:15 15.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Tatarıstanda "Kazan şəhidlərini Anma Günü" qeyd olunur.

Hafta.az-ın yazdığına görə, tatar-türk xalqı, Tatarıstanın Rusiya Federasiyası daxilində muxtar respublika statusunda olmasına baxmayaraq, suveren haqlarını sakit və siyasi üsullarla əldə etməyə və ən azından milli tarixlərini yeni nəsillərə xatırlatmaq üçün durmadan çalışırlar. Rusiyanın 1552-ci ildə Kazan şəhərini işğal etməsi və nəticədə Kazan Xanlığının süquta uğraması faktı da, əslində tatar xalqının qəhrəmanlıq tarixinin bir parçasıdır. Bu gün də anım mərasimlərində açıq-aşkar "469 il öncə (15 oktyabr 1552-ci il) rusların Kazanı işğal etməsi nəticəsində tatarların öz dövlətlərini və müstəqilliklərini itirdikləri gündür" deyirlər.

Qeyd edək ki, Qızıl Orda dövləti dağılandan sonra qurulan və 150 ildən çox tarix yazan Kazan Xanlığı, öz mövcudluğu dövründə rusların işğalçı yürüşlərinin qarşısında Türk-İslam torpaqlarının müdafiəsində böyük rol oynayıb. Kazan Xanlığının süqutundan sonra da, xüsusilə XIX əsrdən başlayaraq Kazan tatarları təhsil, mədəniyyət, sənət, ədəbiyyat və elm sahəsində böyük ziyalılar yetişdirib.

Böyük tatar tarixçisi, yazıçı Roza Qurban 1552-ci il işğalı haqda belə deyir: "1552-ci ildə Kazan Xanlığı qorxunc çar İvan tərəfindən işğal edildikdən sonra, Kazan tatarları Rusiyanın əsarəti altına düşdü və o vaxtdan tatar xalqı yüzillərdir davam edən və hələ də sürən müstəqillik mübarizəsi aparır. Kazan Xanlığının çöküşü türk dünyasının ilk böyük itkisi və məğlubiyyəti olaraq tarixə keçib. Kazan Xanlığı türk dünyasını çar Rusiyasından qoruyan qala xüsusiyyəti ilə tanınıb. Kazan Xanlığının çöküşü Rusiya üçün həm də, türk dünyasına qapıların açılması mənasına gəlir. Fikir verin: 1556-cı ildə Kazan Xanlığının sonuncu paytaxtı Çalım şəhəri, həmin il Həştərxan Xanlığı, 1557-ci ildə Başkırdıstan, 1598-ci ildə Sibir Xanlığı, 1606-cı ildə Noqay Ordası, 1783-cü ildə Kırım Xanlığı, 1865-ci ildə Daşkənd, 1868-ci ildə Buxara Xanlığı və digərləri ruslar tərəfindən işğal edilib”.

Siyasət rubrikasından digər xəbərlər